Monday, December 20, 2010

Maliyyə Böhranının Bankdan Asılı Debitorlara təsiri (Chava, S. və Purnanandam, A., 2011, JFE, Vol:99)

Xülasə: Məqalə bankların kapital böhranının onların debitorlarının fəaliyyət nəticələrinə mənfi təsir etdiyini göstərir. Bu məqsədlə 1998-ci il Rusiya böhranının ABŞ bank sisteminə təsirini debitorların kredit tələbini bankların kredit təklifindən ayıraraq təhlil edir. Açıq borc bazarına əli çatan banklara nisbətən fondları daha çox banklardan əldə edən şirkətlərin dəyəri bu periodda, kapital xərcləri və gəlirləri isə növbəti periodda daha çox azalmışdır. Paralel olaraq böhrandan təsirlənən banklar kreditləri daha çox azaltmış, böhrandan sonra kredit faizlərini daha çox artırmışdır. Məqalənin nəticələri onu göstərir ki, maliyyə sektorunun global inteqrasiyası maliyyə böhranının bank sektoru vasitəsilə bir iqtisadiyyatdan digərinə keçərək geniş yayılmasına təkan verir.

Giriş:

Şirkətlər fond əldə etmək üçün müxtəlif mənbələrə əlləri çatsa böhranlardan bir o qədər yaxşı qoruna bilərlər. Ancaq bazarda informasiya assimetriyası mövcuddursa bank sektorunda baş verəcək böhranın şirkətlərin fəaliyyətinə mənfi təsiri mütləqdir. Bu baxımdan şirkətlərin fəaliyyəti ilə onların əlaqədə olduğu bankların möhkəmliyi arasındakı əlaqə öyrənilməlidir. Bu sahədə edilən araşdırmaların qarşısında duran əsas vəzifə şirkətlərin kreditə olan tələbini bankların kredit təklifindən ayırmaq və kreditorlar debitorun vəziyyətini pisləşdirən səbəbin təklif, yoxsa tələbdən yarandığını ölçməkdir.

Məqalə təklif şokunu ölçmək üçün 1998-ci ildə Rusiya dövlətinin borc böhranı və dərhal sonra Braziliyanın kapital bazarlarındakı böhranın ABŞ bank sisteminə təsirindən (ekzogen şok amili) istifadə edir. Hər iki böhran ABŞ banklarının kapital itkisinə səbəb olmuş, nəticədə onların kredit vermə qabiliyyətini azaltmışdır. Böhran açıq borc bazarının normal fəaliyyətini pozmadığı üçün böhranın bankdan asılı şirkətlərlə açıq bazardan borc alan şirkətlərə təsirini ayırmaq mümkündür. Beləliklə bu iki qrup şirkətlərin bazar dəyərini təhlil etməklə təklif böhranının şirkətlərin dəyəri üzərindəki təsirini hesablamaq mümkündür.

Böhranın bankların mənfəətlərinə təsiri müxtəlif yollarla mümkündür: investisiya portfelində Rusiya dövlət istiqrazlarının olması, kredit portfelində Rusiyalı özəl debitorların olması, törəmə bazarlarında itkilər, LTCM qorunma fonduna verilən kreditlər vəs. Həqiqətən də FDIC hesabatları göstərir ki, 1998-ci il III rübündə ABŞ bankları xarici investisiya və kredit əməliyyatlarından böyük zərər etmişdir. Bankarın kredit portfelinə və şirkətlərin açıq bazarda istiqraz ixracına baxaraq şirkətlərin bankdan asılı olub olmadığını müəyyən edilmişdir. Təhlillərdə, əsasən, böhrandan (Avqust 1998) 6 ay əvvəl və sonrakı müddətə baxılmışdır. İlkin təhlillər göstərir ki, bankların kredit portfeli böhrandan dərhal sonra sürətlə kiçilmiş (21-28 faiz) və bu təsir bankdan asılı olan şirkətlərə verilən yeni kreditlərdə daha yüksək olmuşdur. Ancaq şirkətlərin borc bazarında (commercial paper) bu cür azalma və şok olmayıb.

Məqalə tətbiq etdiyi regressiya tənliyində şirkətin dəyərini (asılı dəyişkən), şirkətin mənfəəti və artım sürəti kimi dəyişkənləri tələb şoku dəyişkənləri, bankın fəaliyyətini ölçən dəyişkənləri isə təklif şoku dəyişkənləri ilə izah etməyə çalışır. Böhranın bankdan asılı şirkətlərə mənfi təsiri 4 müxtəlif yoldan gələ bilər və bu yolların hər biri ölçülməlidir. a) Şirkətin ölçüsü – kiçik və böyük şirkətlər arasında fərqliliklər ola bilər ki, bu regressiya tənliyində kontrol edilməlidir; b)Şirkətin iflas riski – iflas riksi yüksək olan şirkətlər böhrandan daha çox təsirlənir. Bu onların fəaliyyəti, ya da böhranla birbaşa ilə əlaqəli olmaya bilər. Kapital əldə etməkdə olan məhdudiyyətləri keyfiyyətə qaçış və kredit riski amillərindən ayırmaq üçün iflas riski (təhlükə faizi və sərmayənin alım opsiyonu olaraq hesablanması metodlarını tətbiq edərək) ayrıca kontrol edilməlidir; c) Şirkətin böyümə imkanları – Şirkətin böyümə və investisiya potensialının olub olmaması onun kredit tələbini müəyyən edir. Bunun üçün bazar/balans rasyosu və (şirkətin olduğu) sektor sabit əmsallarından istifadə edilir; d) Likvidlik – səhm bazarında likvidlik səhmin qiymətinə təsir edir. Bu təsiri kontrol etmək üçün alış-satış spredindən istifadə olunur. Məqalədə, əsasən, Compustat və CRSP məlumat bazalarından istifadə edilmişdir.

Nəticələr:

Əvvəlcə regressiya tənliyi datanın bütününə tətbiq olunur. Rusiya borc böhranından bir gün əvvəl ilə Braziliya böhranından bir gün sonrakı dövrü əhatə edən 16 günlük periodda bankdan asılı şirkətlərin səhmləri (bundan sonra gəlir/zərər nəticələri veriləndə şirkət sözü şirkətin səhmlərini nəzərdə tutur) orta hesabla 9.23 faiz zərər (gəlir və zərər bazara uyğunlaşdırılmış model ilə hesablanmışdır), onlarla eyni dərəcəli ancaq, əsasən, açıq borc bazarından fond eldə edən (bundan sonra eyni dərəcəli şirkət) şirkətlər isə cəmi 2.02 faiz zərər etmişdir. Reqressiya tənliyi göstərir ki, həcm, borcluluq və bazar/balans (market-to-book) rasyosu kontrol edildikdən sonra bankdan asılı şirkətlər eyni dərəcəli şirkətlərdən 3.61 faiz daha az gəlir əldə etmişdir. İri həcmli və borcluluğu az olan şirkətlərin gəlirləri çox olmuşdur. Digər hesablamalar göstərir ki, yüksək iflas riski, səhmlərinin gəlirliliyinin dəyişkənliyi çox olan və yaxın keçmişdə yüksək gəlirlilik göstərmiş şirkətlər dəyərini ən çox itirmişdir. Alış-satış spredi çox olan (likvidliyi az olan) şirkətlər daha yaxşı nəticə göstərmişdir. Maraqlıdır ki, bu müsbət əlaqə, ancaq şirkətin həcmi modelə daxil olarkən yaranır. Deməli, böyük institusional investorlar böhran ərzində likvid səhmləri tez satırlar ki, mümkün qədər tez nağd əldə etsinlər. Nəticədə likvid səhmlərin dəyəri tez düşür. Böyümə potensialı çox olan şirkətlər arasında bankdan asılı olanlar daha az gəlir əldə etsə də eyni dərəcəli açıq borc bazarında iştirak edən şirkətlər böhran zamanı daha yüksək nəticə göstərir.

Paralel olaraq şirkətlərin fəaliyyətinin nəticələri və investisiya qərarları da təhlil olunur. Bunun üçün kapital xərcləri və fəaliyyət gəlirləri dəyişkənlərindən istifadə olunur. Reqressiya tənliyinin nəticələrinə görə bankdan asılı şirkətlər eyni dərəcəli banklara nəzərən investisiyalarını daha sürətlə azaltmış (22 faiz) və fəaliyyət gəlirləri daha çox azalmışdır (67 faiz).

Böhran ərəfəsində ABŞ Mərkəzi Bankı (FED) bazara maliyyə dəstəyi vermək məqsədilə faizləri azaltmışdır. Bu günlər ərzində bazarın təhlili göstərir ki, bankdan asılı şirkətlər eyni dərəcəli şirkətlərdən 0.65-1.1 faiz daha çox gəlir əldə edirlər. Beləliklə, bankdan asılı şirkətin dəyəri bank sektorunun maliyyə təhlükəsizliyindən və borcvermə qabiliyyətindən daha çox asılıdır.

Növbəti tənlikdə banklar böhranın onlara təsir dərəcəsinə görə ayrılmış və böhranın çox təsir etdiyi bankların debitorları böhranın təsir etmədiyi bankların debitorları ilə müqaisə edilmişdir. Bunun üçün bankların maliyyə hesabatlarına baxılaraq onların Rusiya böhranına olan ekspozisiya dərəcəsi ölçülür. Burada iki dəyişkən isfitadə olunur - bankların sildikləri xarici borcların və müddəti keçmiş xarici borcların həcmi. Nəticələr göstərir ki, böhranın olduğu 1993-cü ilin III rübündə əvvəlki 4 rübün orta dəyərinə nisbətən 200 faiz çox borc silinmişdir. Böhranın təsirinə məruz qalan bankların debitorları (daha doğrusu səhmləri) böhranın təsir etmədiyi bankların debitorlarından daha çox dəyər itirmiş və 3.54 faiz az gəlir əldə etmişdir. Bu nəticə onu göstərir ki, qlobal maliyyə bazarında bir ölkədə baş verən böhran digərinə bank sektoru vasitəsilə təsir edir.

Axırıncı testdə, müəlliflər böhran ərəfəsində bankların kredit vermə davranışını təhlil edir. Bu məqsədlə böhranın təsir etdiyi bankların ümümi kredit həcmi və faiz spredinin (margin) böhranın təsir etmədiyi banklarla adekvat göstəriciləri ilə müqaisə edilir. Nəticələr göstərir ki, böhranın təsir etdiyi banklar faiz spredini 24 faiz artırmış və kredit həcmini sürətlə azaltmışdır.

Nəticə:

1998 Rusiya böhranı ərəfəsində ABŞ bankları və onların debitorlarının bazar dəyəri təhlil edilmiş və müəyyən olunmuşdur ki, kredit bazarında əsas problem tələbin deyil, təklifin çatişmazlığı olmuşdur. Böhranın təsir etdiyi banklar kredit həcmini sürətlə azaltmış və kredit spredini artırmışdır. Eyni zamanda, nəticələr göstərir ki, fondlarını əsasən bank sektorundan əldə edən şirkətlər bank sektorundakı mümkün böhranın mənfi təsirlərinə daha çox məruz qalır. Bu şirkətlər arasında maliyyə dözümlülüyü (flexibility) az olan şirkətlər daha çox problemlə üzləşmiş və investisiyalarını azaltmalı olmuşlar. Nəticələr göstərir ki, şirkətlərin fond əld əetməsində korporativ istiqraz bazarı mühüm rol oynayır və onların bank sektorunda baş verə biləcək böhrandan qorunmasına kömək edir. Korporativ istiqraz bazarı şirkətlər üçün, bir növ təkəri partlayan maşın üçün baqajda saxlanılan əlavə təkər rolunu oynayır. Bank sektorunda baş verə biləcək böhranın ölkə iqtisadiyyatı və real sektoru üzərində mənfi təsirlərini azaltmaq üçün korporativ istiqraz bazarını inkişaf etdirmək çox vacibdir.

Saturday, December 4, 2010

Kapital Şərtləri və Bank Davranışı Nəzəriyyəsi

Kapital Şərtləri və Bank Davranışı Nəzəriyyəsi (VanHoose, D., Journal of Banking and Finance, 2007-31)

Məqalə bankların kapitallaşması ilə əlaqədar Basel-I və Basel-II sistemlərinin bankların risk davranışı, kredit faizləri və onların sərmayə rasyosuna təsirini araşdıran elmi məqalələri təhlil edir. Elmi araşdırmaların nəticələri bu şərtlərin təsiri barədə birmənalı deyil. Bu da onu göstərir ki, fərqli bank sistemlərində kapital şərtlərinin bankların fəaliyyətinə təsiri daha dərindən araşdırılmalı, bank sisteminin sağlamlığını artırmaq üçün əlavə amillərdən istifadə etmək lazımdır.

1988-ci ildə müxtəlif ölkələrin bank sisteminə nəzarət edən qurumlar bankların risk götürmə qabiliyyətinə nəzarət etmək üçün bankların borc rasyosunu məhdudlaşdıran və aktivlərin risk dərəcəsini ölçən Basel-I standardlarını qəbul etdilər. 90-cı illərin ortalarında Basel-II çərçivəsində riskə bağlı kapital şərtləri, nəzarətedici mexanizm və şəffaflığın artırılması prinsipləri üzrə üç pilləli məhdudiyyətlər sistemi yaradıldı. 2008-ci ildə başlayan maliyyə böhranı nəticəsində 2010-cu ildə kapital şərtlərinin sərtləşdirilməsinə qərar verildi. Artıq 27 ölkənin baş bankirləri kapital şərtlərini 2015-ci ilə qədər artırmaq qərarına gəliblər. Bu baxımdan kapital şərtlərinin banklara təsirini təhlil etmək vacibdir.

Aktivlərin Optimal Paylanması

Elmi araşdırmaların bir hissəsi bankların kapital şərtlərinə uyğun olaraq optimal aktiv seçimi etdiklərini fərz edir. Beləliklə banklar müxtəlif aktivlərin gəlirliliyini nəzərə alaraq özlərinin risk rəğbətindən asılı olaraq gözlənilən faydanı artıracaq seçimlər edirlər. Kifayət qədər riskə rəqbəti olan bank (non-risk-averse) kapitallaşma tələbi artırılandan sonra aldığı hər əlavə borca nəzərən daha riskli aktivə yatırım edəcəkdir. Beləliklə kapital tələbinin bank sistemi üzərində təsiri bankların riskə olan rəğbətlərinin paylanmasından (distribution) asılı olaraq dəyişəcək. Ancaq riskə görə aktivlərin dərəcələndirilməsi mexanizmi (risk-weighted bank assets) bank portfelinin ümumi riskini azalda bilər.

Depozitlərin sığortası imkanı borlanma xərcinə təsir etdiyi üçün bankın borc rasyosu ilə onun riski və gəlirliyi arasında əlaqə xəttiliyini itirir. Bu istiqamətdə aparılan araşdırmalar depozit sığortasını satış opsiyonu (put option) kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, bank kapitalında artım aktivlərin riskini azalda bilər. Digər nəticə budur ki, kapital şərtləri bankın aktiv portfelinin diversifikasiya imkanını azaltsa da, ümumən bankın kredit riskini azaldır. Başqa bir araşdırma göstərir ki, depozit sığortası banka dövlət tərəfindən verilmiş subsidiyadır və bank o zamana qədər investisiya edəcək ki, hər əlavə dollara alınan subsidiya marjinal riskli investisiyanın gətirəcəyi ziyana (negativ NPV) bərabər olsun. Depozit sığortasının bankı daha riskli hərəkət etməsinə səbəb olduğu üçün dövlət kapital məhdudiyyətini gətirir. Maraqlıdır ki, belə olduğu halda banklar hər dollar riskli aktivə düşən xərci azaltmaq üçün ümumi riskli aktivlərin sayını artırır və kapital məhdudiyyətinin iki təsiri olur: a) bank daha az borc alır və iflas riski azalır, b) aktivlərin riski artır və iflas riski artır. Bankın ümumi iflas riski bu iki təsirin hansının üstün olmasına bağlıdır.

Kapital şərtləri və bazar məhdudiyyətləri

Araşdırmalar göstərir ki, banklar gələcəyə baxaraq kredit qərarlarını kapitallaşma şərtlərindəki gözlənilən dəyişikliklərə görə müəyyən edirlər. İki-hissəli modellər bankların gələcəkdə gözlədikləri gəlir-risk əlaqəsini kapital şərtərinə necə uyğunlaşdırğını təhlil edir. İkinci hissədə yüksək gəlir gözləyən bank birinci hissədə riski azaldır ki, iflas ehtimalı azalsın və ikinci hissədə gəlir ehtimalı yüksəlsin. Ancaq ikinci hissədə dövlət kapital şərtlərini sərtləşdirəcəksə gəlirlilik azalacaq. Bank məcbur olur ki, birinci hissədə daha riskli investisiya etsin. Başqa tərəfdən isə kapital şərti birinci hissədə artmış olarsa bankın mümkün diversifikasıya imkanı daralır ki, bu da riskli aktivə investisiya ehtimalını azalda bilər. Bu modeli sonsuzluğa tətbiq edərkən kapital səviyyəsi ilə riskin qeyri-xətti əlaqəsi (U-şəkilli) müəyyən olunur. Müəyyən həddə qədər kapital artarsa risk azalır, ancaq bu həddən sonra risk əksinə artır. Belə görünür ki, kapitalı ən az olan banklar maksimum risk alır. Amma bazarda əvvəlcədən bankların sığortalanmamış riskləri qiymətlənirsə (CDS kimi törəmə alətlərlə) bu banklar çox risk almaqdan çəkinər.

Rəqabətli olmayan bank sektorunda və depozit bazarında monopoliya, kredit bazarında mənəvi təhlükə (moral hazard) olanda kapital şərtləri bankların izafi risk iştahını azaldır. Depozit tavanı (ceiling) bankları daha yüksək risk götürməyə məcbur etsə də, bazar payı yüksək olan banklar daha az riskə meyl göstərəcəklər.

Bəzi məqalələr agentlik və mənəvi təhlükə (agency and moral hazard) problemlərinin bankın risk davranışına necə təsir etdiyini araşdırır. İnformasiya assimetriyasi olanda banklar bazara siqnal göndərməli olurlar. Dövlətin verdiyi zəmanət banklara imkan verir ki, əlavə səhm ixrac etməsin. Bu zaman bazar sərmayə səviyyəsi (market capital) süni olaraq azalır. Bu da kapital strukturu problemlərini dərinləşdirir. Ancaq digər tərəfdən banka qaçış təhlükəsi (depozitarların pulunu anidən çəkməsi) bankları məcbur edir ki, müəyyən likvidlik səviyyəsini saxlasınlar. Banklar likvidlik dərəcəsinə görə kreditləri ayırır və ümumi portfelin orta likvidliyi artdıqca bank borc rasyosunu da artırır. Bu mühitdə kapital şərtlərinin artırılması likvid olmayan banklarda problem yaradır. Depozit sığortası imkanı bu prosesi daha da gücləndirir, ona görə ki, depozitlər sığortalanmasa idi, banklar əlavə kapital saxlamalı olacaqdılar. Ancaq başqa araşdırma göstərir ki, depozit sığortası depozitarlara güvən verdiyi üçün banka qaçış ehtimalını azaldır.

Kapital şərtləri bankların kredit keyfiyyətinə də təsir edir. Kapital şərtləri artanda bank yeni sərmayə cəlb etməli olur. Yeni sərmayədə bank rəhbərlərinin payı azalanda (yeni sərmayədarlar köhnə sərmayədarlardan fərqli olanda) bank rəhbərlərinin kredit keyfiyyətinin yüksəldilməsinə marağı azalır. Nəticədə bankın kredit portfelinin keyfiyyəti azalır. Bunu görən investorlar bankın səhmlərinə tələbi azaldır və səhmin qiyməti düşür. Beləliklə, kapital şərtini qoyan requlyatora (regulator) bankın səhmlərinin qiyməti onun riski barədə siqnal verə bilər.

Digər tərəfdən, depozit ilə kapital arasında seçim edən banklar depozit ucuz olduğu üçün kapitalı minimum səviyyədə saxlamağa çalışırlar. Bank kredit keyfiyyətini artırmaq üçün ya kredit verdiyi şirkətin səhmdarı olmağa çalışır, ya da onun gələcək nağd axımını yaxından izləyir. Regulyator üçün kapital şərtinin artırılması bankın gələcək nağd axımının riski və likvidliyi ilə bağlı siqnal verə bilər. Əgər nəzarət xərcləri yüksəkdirsə, kapital şərtləri çox artırılmalıdır. Buna alternativ, bankların subordinasiya borcunun (qorunmamış) artırılması ola bilər. Subordinasiya borcunun bazardakı qiyməti nağd axımının riski barədə requlyatora siqnal verir.

Burada əsas amil bazarın mövcud olması və səhmlərin qiymətinin bankların risk səviyyəsi barədə siqnal verməsidir. Maliyyə bazarı olmayan ölkələrdə informasiya assimetriyası artdığı üçün requlyator banklar üzərində nəzatəri gücləndirməli olur ki, bu da onun nəzarət xərclərini artırır.

Əlverişsiz seçim (adverse selection) və kapital şərtləri

Bir qrup məqalə banklar arasında fərqlər çox olduqda kapital şərtlərinin bank sektoruna necə təsir etdiyini araşdırır. Məsələn, banklar öz müstərilərini seçərkən əlverişsiz seçim şəraiti yaranır. Banklar müştəri seçimi mexanizminin xərclərini borc alana yükləyir ki, nəticədə keyfiyyətli borc alanın kredit alma ehtimalı azalır. Kapital şərtləri artırılanda bu ehtimal daha da azalır ki, bu da verilən kreditlərin həcminə mənfi təsir edir. Digər tərəfdən banklara lisenziya verən requlyatorlar da əlverişsiz seçim təhlükəsi ilə qarşılaşır. Nəzarət xərcləri yüksək olanda requlyator kapital şərtini artırır ki, bəzi zəif və təhlükəli bankları ələkdən keçirsin. Ələk sistemi yaxşı qurulanda kapital şərtlərinin az olması daha səmərəli nəticə verir. Deməli nəzarət gücü zəif, ələk sistemi yaxşı işləməyən ölkələrdə requlyator kapital şərtlərini sərtləşdirməli olacaq.

Maraqlıdır ki, banklar kapital ilə nəzarət xərcləri arasında seçim edirlər. Kapitalı az olan bank özünün təcrübəsi çox olan sahəyə kredit verir və nəzarət xərclərini azaldır. Nəzarət xərclərini artıran bankların, adətən, kredit itkiləri daha az olur. Əksər banklar nəzarət xərclərini kredit faizinə əlavə edir ki, bu da kredit faizini artırır. Kredit şərtləri sərtləşəndə bankların verdiyi kreditlərin həcmi azala bilər ki, nəticədə nəzarətin həcmi də azalır. Bu da kredit keyfiyyətini artıra bilər.

Alternativ olaraq, bankları “yaxşı” və “pis” banklar olaraq ayırd etsək, yaxşı banklar müştərilər üzərində nəzarət texnologiyasini gücləndirərək hər dollar kreditə nəzarət xərclərini azaldır. Pis banklar isə nəzarət xərcləri artıracaq və nəticədə ya iflas riskinə məruz qalacaqlar, ya da ümumi xərcləri gəlirlərini üstələyəcək. Ümumi götürəndə, bank sektorunda orta səviyyəli keyfiyyət və yüksək səviyyəli rəqabət olarsa, sektora daxil olma imkanı nəzarət xərclərini minimuma sala bilər.

Nəticə:

Kapital şərtlərinin banklar üzərində təsirini araşdıran elmi məqalələrin nəticələrini belə ümumiləşdirmək olar. Kapital standardlarının artması qısa-müddətdə kredit həcmini azaldır, kredit faizini artırır və bankları kreditdən çəkindirərək başqa alternativ aktivlərə yönəldir. Ancaq uzun müddətdə kapital rasyosunun artırır. Bu da depozitarları bankın mümkün iflas riskindən qoruyur.

Ancaq sərmayə rasyosundan daha vacib amil bankın risk davranışıdır. Artan kapital riskli aktivlərə yönələndə bank sistemi təhlükəsiz olmur. Bəlkə də, sərt kapital şərtləri bəzi bankları riskli aktivlərə yatırım etməkdən çəkindirir, ancaq bunun bank sektorunda riski nə qədər azaldacağı sual altındadır.

Ümumiyyətlə, elmi-nəzəri modellərin kapital şərtlərinin bank sektoruna müsbət təsirləri haqqında birmənalı nəticə vermədiyini demək olar. Xüsusilə, maliyyə böhranından sonra bank sistemində sağlamlığını artıran amillər diqqətlə araşdırılmalıdır. Böhran göstərdi ki, kapital şərtlərini dəyişdirmək bu məqsəd üçün kifayət deyil. Requlyatorlar kapital şərtəri ilə bərabər alternativ metodlara da əl atmalıdırlar.